Aləmlərə rəhmət olan peyğəmbərimiz

Sevgi və mərhəmətdən bəhs etdikdə ilk növbədə ağla gələn insan Hz. Peyğəmbərdir. Quran onun haqqında belə buyurur:

“Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.” (əl-Ənbiya, 107). Bu Peyğəmbərin gətirdiyi dində də sevgi və ya məhəbbət yerinə daha çox “rəhmət” kəlməsindən istifadə olunur. Çünki rəhmət sevginin əməli yönüdür, lütf və fəzilətə çevrilmiş halıdır. Peyğəmbərimizin sevgisinin qaynağı ilahidir: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-İmran, 159). Hz. Peyğəmbər insanlar arasındakı münasibətlərin əsasını sevgi və hörmət üzərində bina etmişdir. “Kiçiklərimizə mərhəmət və sevgi, böyüklərimizə hörmət göstərməyən bizdən deyildir” (Tirmizi, Birr, 15) buyuraraq insan sevgisini beynəlxalq prinsip elan etmişdir. Rəsulullah (s.ə.s) Allahı hər şeydən çox sevməyi imanın şərti saymışdır. Əbu Rəzin əl-Aqil ondan: "Ey Allahın elçisi, iman nədir?"- deyə soruşduqda: "Allah və Rəsulunun sənə hər şeydən daha sevimli olmasıdır" -deyə cavab vermişdir. (Əhməd bin Hənbəl, IV/11)

Qəlbi sevgi ilə dolu olan Peyğəmbərimiz (s.ə.s) buyurur: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də kamil mömin olmazsınız.” (Buxari, Ədəb 27; Müslüm, Birr 66). “Möminlər, bir-birlərini sevmək xüsusunda, bir-birlərinə yaxınlıqda, şəfqətlə bir-birlərini qorumaqda bir vücud kimidirlər. Vücudun hər hansı bir yerində bir narahatçılıq olsa, bunu vücudun bütün üzvlərı hiss edər.” (Buxari, Ədəb 27; Müslüm, Birr 66). Onun bu misilsiz sevgi nuru ətrafındakı insanlarda da əks olunurdu. Belə ki, Təbük müharibəsinə hazırlıq əsnasında Həbibullah (s.ə.s.) səhabələrin bu müharibə üçün yardım etmələrini istədi. Hz. Əbu Bəkr (r.a) bütün var-dövlətini gətirdi. Rəsulullah (s.ə.s): ”Ey Əbu Bəkr! Ailən üçün, uşaqlar üçün nə qoydun?” -deyə soruşduqda Əbu Bəkr (r.a.): “Allah və Rəsulunun sevgisini” -deyə cavab verdi. Həyatı boyu bəşəriyyətin qurtuluşu üçün mübarizə aparan Hz. Peyğəmbər nəinki dostlarını, hətta düşmənlərini belə heyrətə salan sevgi və mərhəmətə sahib idi. Ona hər cür işgəncəni rəva görənləri əfv etmiş, Taifdə onu daşlayaraq ayaqlarını qan-rəvan içində qoyanların hidayətə gəlməsi üçün Rəbbinə əllərini açmışdı. "Mömin sevdiyi şeyi qardaşı üçün də arzular" (Qəzzali, İhyau-Ulumid-din, III/152.), "Hədiyyələşin, bir-birinizi sevin”, "Bir-birinizi ziyarət edin, hədiyyələşin. Çünki ziyarət sevgini möhkəmlədər, hədiyyə də qəlblərdəki pis hissləri atar." hədislərində isə Peyğəmbərimiz sevginin ictmai rolunu dilə gətirir. Bu hədisi-şərif isə Peyğəmbərimizin insan sevgisinə verdiyi dəyərin ən zirvə nöqtəsidir: “Allahın qulları arasında elə insanlar vardır ki, onlar nə peyğəmbər, nə də şəhiddirlər. Qiyamət günü Allah qatındakı məqamlarının dərəcəsinə görə peyğəmbərlər və şəhidlər onlara qibtə edərlər.” Yanındakılar soruşdular: “Ey Allahın Rəsulu, onlar kimlərdir, bizə xəbər verərsənmi?” Rəsulullah buyurdu: “Onlar, qan qohumluğu və dünya mənfəəti ilə bir-birlərinə bağlı olmadıqları halda Allahın nuru (Quran) üçün bir-birlərini sevənlərdir. Allaha and olsun ki, onların üzləri nurdur. Onlar nura qərq olmuşlar. İnsanlar qorxarkən onlar qorxmazlar, insanlar kədərlənərkən onlar kədərlənməzlər.” Hz. Peyğəmbər sonra bu ayəni oxudu: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Yunus, 62). Sadəcə möminlərin bir-birlərini deyil, bütün insanları sevmələrinin vacib olduğunu bildirən Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Bir-birinizə qarşı mərhəmətli davranmadıqca iman etmiş sayılmazsınız. Bu sözü eşidən səhabələr: “Ey Allahın Rəsulu! Biz həmişə bir-birimizə qarşı mərhəmətlə rəftar edirik” -dedilər. Hz. Peyğəmbər onlara belə cavab verdi: “Məmim demək istədiyim, sizin sadəcə öz aranızda mərhəmətli davranmanız deyil; Allahın bütün məxluqlarına mərhəmətli olmanızdır.”

Əshabi-kiram belə buyurur: “Peyğəmbərlə birlikdə oturarkən yanımızdan bir cənazə keçdi. Rəsulullah ayağa qalxdı, biz də qalxdıq. Biz Rəsulullaha: “Bu, bir yəhudi cənazəsidir (niyə ayağa qalxdıq?)” -dedik. O da bizə: “(Kimə aid olursa olsun, insan olması kifayətdir.) Cənazə gördükdə ayağa qalxın” -buyurdu. İnsan sevgisinin gündən-gündə azaldığı dünyamızda Hz. Peyğəmbərin sevgi və mərhəmətindən bəşəriyyətin ibrət alması diləyi ilə...

0 şərh.:

Текст бегущей строки
+ + + + +