Mənəvi kimliyimiz

Allah-Təala Qurani-Kərimdə buyurur: “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir!” (əl-Fəth, 1-3)

Yuxarıda izlədiyimiz ayələrin açıqlaması zamanı müfəssirlər daha çox Məkkənin, Taifin və digər məmləkətlərin müsəlmanların əlinə keçməsini, Həzrət Məhəmmədin (s.ə.s) dünyada şərəfli mövqeyə yüksəlməsini, ən uca məqam olan Merac nemətinə nail olmasını və digər üstünlüklərə yiyələnməsini səciyyələndirən məqamlara önəm vermişlər. Təbiidir ki, bu sıraya Uca Allahın rizası ilə İslam Peyğəmbərinin gerçəkləşdirmiş olduğu ən böyük fəth nümunələrindən biri olan qəlblərin cəhalət kirindən təmizlənərək, onların ilahi qanunlara qarşı həssas bir bağlılıq dərəcəsinə yüksəlməsi də daxil olmaqdadır. Anlaşılması son dərəcə mürəkkəb olan qəlb mühitinin ilahi fəthin nurları ilə suvarılaraq yetişdirilməsi, dünya evinin imtahan məqsədi ilə yaradılması həqiqətini insana əhatəli şəkildə əyan edəcək son dərəcədə əhəmiyyətli bir çalışmadır. Bu istiqamətdə möminlərin üzərinə düşən vəzifəni onlara xatırladan Allah-Təala qarşılıqlı yardımlaşmanın müsəlmanın qulluq həyatında nə qədər qiymətli mövqe tutduğunu gözəl bir üslubda anladır:

“(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. (Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!” (əl-Fəth, 8-9)

Adəm övladının təlatümlü və sirli qəlb aləmində baş verən hadisələrin bütün incə məqamları nəzərə alaraq açıqlanması hər bir insanın mənəvi kimliyini ortaya çıxaracaq müdhiş bir reallıqdır. Həbibinin mübarək qəlbinə endirdiyi əmsalsız vəhy nümunələrində aləmlərin Rəbbi olan Allah-Təala bəşər övladının iç aləmində baş verən mənfi təmayüllərin onu riyakarlığa və son nəticədə də günaha sövq edəcəyini həyati örnəklərlə açıqlayır. Qiymətsiz xəyallarla pərdələnən könüllərə xoş gələn hər bir məqamın əslində zəhərdən də acı olan mahiyyəti nə yazıq ki, bəşər övladının qulluq mükəlləfiyyətinə sarsıdıcı şəkildə zərbə vurur: “(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır! Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş bir qövm oldunuz!” (əl-Fəth, 11-12). Sinələrdə gizlənən bu eybəcərliklərin Allah-Təala tərəfindən saysız-hesabsız nemətlər içində üzən bəşər övladının təfəkkürünə tanıdılması, iç aləmin önəmli bir məsuliyyət dairəsinə daxil olduğunu bildirir. Burada qınanan bədəvi ərəblərin timsalında qiyamətə qədər onlara bənzəmək istəyənlərin əslində bu davranışları ilə əbədi səadətlərini fani ləzzətlərə qərq olmaları üçün hərraca qoyduqları nə qədər də qorxulu bir mənzərə yaradır. Bu biabırçı hərracın nəticələrini növbəti ayənin əks etdiyi mənalarda sezmək mümkündür:

“Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!” (əl-Fəth, 13)

Həzrət Məhəmmədə (s.ə.s) bəxş edilən ilahi fəthin gözəlliyini sinələrdə yaşadanların halının ayeyi-kərimələrin mübarək işığında canlandırılması Adəm övladını dərindən düşündürəcək məqamları özündə cəm edir. Qəlblərin Allaha və Onun Rəsuluna misli görülməmiş bir yaxınlıq sevdası ilə çırpınmasına cavab olaraq aləmlərin Rəbbi olan Allahın razılığını qazanmaları, mahiyyət etibarı ilə onların ilahi himayənin möhtəşəm təcəlliləri aləminə dəvət edir: “(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.” (əl-Fəth, 18) Bu mübarək insanların mənəvi kimliyinin Qurani-Kərimdə tam təfsilatı ilə anladılması ilahi rəhmətin əvəzsiz bir yardımı ilə doğru yolda irəliləyən iman əhlinin xüsusiyyətlərini əhatəli şəkildə hər bir kəsə açıqlayır: “(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır! Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (əl-Hucurat, 7-8)

0 şərh.:

Текст бегущей строки
+ + + + +